CƏMİYYƏT


Yenidoğulmuşlarda təcili əməliyyat tələb edən qüsurlar çox ciddi patologiyalardır

Bakı, 24 sentyabr, AZƏRTAC 

Yenidoğulmuşlarda təcili əməliyyat tələb edən inkişaf qüsurları vaxtında və düzgün müalicə zərurəti yaradan çox ciddi patologiyalardır. Uşaq cərrahiyyəsi təcrübi cərrahiyyənin ən geniş profilə malik, çoxşaxəli ixtisaslarından biridir. Bu cərrahiyyə növü uşaqlarda abdominal və torakal cərrahiyyəni, döş qəfəsinin və qarının ön yan divarının yumşaq toxumalarının və damarlarının, eləcə də ətrafların inkişaf qüsurlarını və uşaq yaşlarının urologiyasını özündə birləşdirir.

Uşaqlarda bu patologiyaların əksəriyyəti anadangəlmə olsa da, bir sıra sonradan qazanılan cərrahi müdaxilə tələb edən xəstəliklər də var. Belə xəstəliklər arasında daha çox təsadüf olunanları qazanılan bağırsaq keçirməzlikləri, kəskin apendisit və onun fəsadları, destruktiv pnevmoniyalar, kəskin hematogen osteomielitlərdir. Bu problemlərin klinik əlamətləri, gedişi və müalicə taktikası böyüklərdən tamamilə fərqlidir.

Uşaqlarda cərrahi patologiyaların 70 faizdən çoxunu müxtəlif ağırlıq dərəcəsinə malik anadangəlmə inkişaf qüsurları təşkil edir. Elə inkişaf qüsurları var ki, körpə doğulan kimi ona dərhal yardım göstərilməlidir. Belə patologiyalara ağciyərlərin anadangəlmə malformasiyalarını, diafraqma dəliklərini, qida borusunun atrezisiyasını, anadangəlmə bağırsaq keçirməzliklərini, qarının ön yan divarının inkişaf qüsurlarını misal göstərmək olar. Ümumiyyətlə, uşaq cərrahiyyəsi 150-dən artıq müxtəlif patologiyaları özündə cəmləşdirir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin uşaq cərrahiyyəsi kafedrasının müdiri, universitetin Tədris Cərrahiyyə Klinikasının baş həkimi, tibb elmləri doktoru Ramiz Poluxov məlumat verib.

Baş həkim, həmçinin deyib: “Cərrahiyyənin digər sahələrində olduğu kimi uşaq cərrahiyyəsində də müasir texnologiyaların tətbiqi geniş vüsət almaqdadır. Artıq uşaqlarda və yenidoğulmuşlarda bir çox inkişaf qüsurları laparoskopik əməliyyatla korreksiya edilir. Uşaqlarda kəskin apendisit və onun fəsadlaşmış növləri, müxtəlif formalı bağırsaq keçirməzlikləri, qarın boşluğu orqanlarının və ağciyərin sistoz törəmələri, anadangəlmə hipertrofik pilorostenoz, bir sıra anadangəlmə inkişaf qüsurları, Hirşprunq xəstəliyi, abdominal kriptorxizm, varikosele, qasıq yırtığı kimi xəstəliklər zamanı laparoskopik əməliyyat icra olunur. Uşaq orqanizmi inkişafda olduğuna görə laparoskopik əməliyyatların icrası daha məqsədəuyğundur. Bundan əlavə, əməliyyat zamanı geniş kəsik açılmır, proses 3-5 millimetrlik dəlik vasitəsilə həyata keçirilir. Buna görə də çapıq qalmır. Açıq əməliyyatdan fərqli olaraq pasiyent uzun müddət xəstəxanada yatmalı olmur, qısa müddətdən sonra evə buraxılır. Bu olduqca böyük nailiyyətdir. Klinikamızda belə əməliyyatların icrası üçün hər bir şərait var”.

Cərrah yenidoğulmuşlarda təcili əməliyyat tələb edən qüsurların çox ciddi patologiya olduğunu və yüksək ölüm riski daşıdığını qeyd edib: “Bu xəstəliklərin elə növləri var ki, hamiləlik dövründə diaqnoz qoyulmalıdır, hamilə qadınlar isə ginekoloq nəzarəti altında olmalıdır. Sonra da, körpə dünyaya gələn kimi neonotoloqların və uşaq cərrahlarının iştirakı ilə kollegial şəkildə yerində əməliyyat edilməlidir. Məsələn, körpələrdə anadangəlmə inkişaf qüsuru olan qastroşizis varsa, qarının ön divarında defekt olduğuna görə mədə və bağırsaqlar xaricdə yerləşir. Belə uşaqlara vaxtında yardım göstərmədikdə avtomatik olaraq bədən temperaturu 30-32 dərəcəyə qədər enir. Əgər doğulan uşaq bir klinikadan digərinə köçürülərsə, o müddət ərzində bağırsaqların quruması və infeksiyalaşma təhlükəsi meydana gəlir. Bu zaman yerində əməliyyat icra edilməlidir, çünki köçürülən xəstələrdə ölüm riski yüksək olur. Anadangəlmə bağırsaq keçirməzlikləri zamanı dölyanı mayenin miqdarı çox olduğundan belə uşaqlar vaxtından əvvəl az çəki ilə doğulur. Ginekoloqlar hamilələrdə dölyanı mayeni çəkərək həmin maddənin miqdarını azaltmaqla uşaqların vaxtında doğulmasına və əməliyyatın daha uğurlu keçməsinə şərait yaradırlar. Qastroşizis zamanı dünyanın inkişaf etmiş ölkələrində belə bir klinikadan digər klinikaya köçürmə nəticəsində ölüm halları 90 faizə qədər yüksələ bilir. Bizim klinikada bu xəstəlikdən ölüm halı qeydə alınmayıb.

Bundan əlavə, uşaqlardakı bəzi qüsurlar ana bətnində korreksiya edilə bilər. Klinikamızda bu istiqamətdə də işlər aparılır”.

R.Poluxov yenidoğulmuşlar arasında inkişaf qüsurlarının uşaqların cinsiyyətinə görə paylanmasının müxtəlif olduğunu da diqqətə çatdırıb. Belə ki, qasıq yırtıqları, Hişprunq xəstəliyi, pilorostenoza daha çox oğlanlarda, göbək yırtığına isə qızlarda rast gəlinir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.