SİYASƏT


Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər

Bakı, 16 fevral, AZƏRTAC

“Newtimes.az” portalında “Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər” sərlövhəli məqalə dərc edilib. AZƏRTAC məqaləni təqdim edir.

Amerikanın orta və yaxınmənzilli raketlərin ləğvi barədə müqavilədə iştirakını dayandırması bəşəriyyəti ciddi surətdə narahat etməkdədir. Bunun ardınca Moskva da eyni addımı atdı. Üstəlik, tərəflər yeni növ raket silahlarının istehsalına başlayacaqları ilə bağlı fikirlər də səsləndirdilər. Ekspertlər bütün bunları izləyərək “dünya yeni bir geosiyasi böhrana doğrumu gedir?” sualını qaldırırlar. Cavab da ürəkaçan deyil. Bir sıra mütəxəssislər hətta nüvə böhranının yarana biləcəyini də proqnozlaşdırırlar. Doğrudan da, adıçəkilən müqavilənin əhəmiyyəti böyük idi. Bununla yanaşı, onun ləğvi digər uyğun sazişlərin də təftişi məsələsini gündəmə gətirə bilər. Ən pisi isə odur ki, Amerika və Rusiya ortaq qənaətə gəlmək istiqamətində addım atmırlar. Bu məqamlara geniş bir mövqedən baxdıqda, qlobal siyasətdə hansı trendlərin özünü göstərə biləcəyini təhlil etməyə ehtiyac duyulur.

Təhlükəli qərar: iki supergücün qarşıdurması yeni mərhələdə

ABŞ-ın Rusiya ilə orta və yaxınmənzilli ballistik raketlərin ləğvi haqqında 1987-ci ildə sovet rəhbəri Mixail Qorbaçovla ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqan arasında imzalanmış müqavilədən çıxmaq barədə qərarı qlobal miqyasda ciddi qeyri-müəyyənlik yaradıb. Amerika tərəfi Rusiyanı bu müqavilənin şərtlərinə əməl etməməkdə ittiham edir. Son informasiyalara görə, ABŞ Rusiyanın sınaqdan çıxardığı yeni ortamənzilli raket haqqında videomaterialı Kremlə verib. Vaşinqtonun iddiasına görə, Moskva uzun müddətdir ki, müqavilənin şərtlərini pozaraq daha təhlükəli raketlər istehsal edir. Bununla da, əslində, həmin müqaviləyə əməl edilmədiyi bildirilir. O halda sözügedən müqavilənin formal olaraq qalmasının heç bir əhəmiyyəti yoxdur.

Amerika tərəfinin qərarında maraqlı bir məqam da vardır. Amerika 6 ay müddətində Rusiyanın yeni raketləri məhv etməsini gözləyir. Əgər bu baş versə, Vaşinqton müqavilədən çıxmayacaq. Əks halda, birtərəfli qaydada o, ləğv ediləcək.

Moskva isə bütün günahları Vaşinqtonun üzərinə atır. Rusiya siyasi dairələri ABŞ rəhbərliyinin bu addımını yeni silahlanma yarışına başlamaq kimi qiymətləndirirlər. Buna uyğun olaraq da Moskva reaksiya verib.

Prezident Vladimir Putin çıxış edərək Rusiyanın cavab tədbirləri görəcəyini bəyan edib. Belə ki, Rusiya həmin tip silahların yeni növünü hazırlaya bilər. Eyni zamanda, daha yeniləşmiş silah növlərini hazırlamaq iqtidarındadır. Bununla yanaşı, Kreml çox məsrəfli yeni silahlanma yarışına getməyəcəyini də ifadə edib. Bunun hansı anlamı verdiyini zaman göstərəcək.

Bununla aydın olur ki, dünyanın iki böyük dövləti arasında yeni təhlükəli proseslər start götürüb. Onlar nəinki təhlükəli silahları azaltmaq fikrindədirlər, əksinə, daha güclülərini hazırlamaq yarışına başlayıblar. Ekspertlər bu gedişatın arxasında bir sıra qlobal geosiyasi risklərin dayandığı qənaətindədirlər. Onların fikrincə, dünya kifayət qədər təhlükəli bir mərhələnin astanasındadır. Əgər bu proses dayandırılmasa, hətta nüvə müharibəsi belə meydana gələ bilər. Həqiqətən də, bu ssenarini istisna etmək olmur.

Hazırda dünyanın müxtəlif regionlarında özünü göstərən ABŞ-Rusiya qarşıdurması belə bir təhlükəli qənaət əldə etməyə imkan verir. Şimali Koreya və Yaponiyadan tutmuş Venesuelaya qədər geniş bir məkanda bu iki güc qarşı-qarşıyadır. Tokio açıq bildirib ki, Kuril adalarını alsa, orada ABŞ hərbi bazasını yerləşdirəcək. Cənubi Çin dənizində Amerika-Çin qarşıdurmasında Rusiya Pekini müdafiə edir.

Əfqanıstanda vəziyyət daha gərgindir. Burada Rusiya və ABŞ-ın “Taliban”la danışıqlar apardığı haqqında informasiyalar yayılır. Hər iki dövlət taliblərdən öz məqsədləri üçün istifadə etməyə cəhdlər göstərirlər. Deməli, yaxın zamanda Əfqanıstan cəbhəsində də proseslər intensivləşə bilər. ABŞ-la Rusiyanın Mərkəzi Asiyada da maraqları ciddi şəkildə toqquşur. Burada proseslər hələ bir qədər sakit məcrada gedir. Lakin getdikcə məsələ enerji və təhlükəsizliklə bağlı məqamlarda daha gərgin xarakter alır. Digər tərəfdən, Vaşinqton və Moskva terror, narkotik ticarəti, silah qaçaqçılığı kimi mövzularda Əfqanıstan-Mərkəzi Asiya bağlantısını təhlükəli sayırlar. Rusiya təhlükəsizlik orqanları hesab edirlər ki, Yaxın Şərqdən terrorçuları məqsədli şəkildə Əfqanıstan və Mərkəzi Asiyaya transfer edirlər. Bunda əsas məqsəd Rusiya və Çinə qarşı zamanı gələndə terror dalğası yaratmaqdan ibarətdir.

Beynəlxalq hüquq: unudulmuş prinsiplər və geosiyasi xaos

Amerika-Rusiya qarşıdurmasının digər həssas məkanı İrandır. Tramp administrasiyasının Tehran istiqamətində atdığı riskli addımlara Moskva etiraz edir. Rusiya İrana tətbiq edilən sanksiyaları qəbul etmir. Çalışır ki, Tehranla əməkdaşlığı genişləndirsin. Ancaq təcrübə göstərir ki, buna Rusiyanın gücü çatmır. İran iqtisadiyyatı getdikcə daha da zəifləyir. Bu isə proseslərin daha təhlükəli bir səviyyəyə yüksəlməsi ehtimalının çox olduğunu göstərir. İran istiqamətində kifayət qədər sərt ixtilafın meydana gəlməsi gözləniləndir. Bundan kimin daha çox zərərlə çaxacağını demək çətindir. Ancaq bütövlükdə dünya üçün ciddi risklərin yaranması inandırıcıdır.

Bu kontekstdə Cənubi Qafqaz istiqamətində də iki supergücün ixtilafı istisna edilmir. Burada Ermənistanın sürüşkən geosiyasi mövqe tutması təhlükə riskini dəfələrlə artırır. Hər iki dövlətin bundan istifadə etmək niyyətinə düşməsi gözləniləndir. Bu səbəbdən ekspertlər Cənubi Qafqazı həssas geosiyasi məkan olaraq xarakterizə edirlər. Vəziyyəti sabitləşdirə biləcək əlamətlər isə hələ görünmür.

Yaxın Şərqdə ABŞ-Rusiya qarşıdurması daha qabarıq şəkildə özünü büruzə verir. Xüsusilə Suriya onların bir savaş meydanı oldu. Suriya məsələsi indi də Vaşinqton-Moskva xəttinin qaynar istiqaməti olaraq qalır. Burada hətta hərbi toqquşma ehtimalı az deyil. Bütövlükdə Yaxın Şərq üçün bu fikri demək olar.

Son olaraq Venesuela qarşıdurma meydanına çevrilib. Orada proseslər gərginləşməkdə davam edir. Müxalifəti Amerika, iqtidarı isə Rusiya müdafiə edir. Bu mübarizənin də nəticəsi hələ məlum deyil. Bir sıra ekspertlər orada silahlı toqquşmaları istisna etmirlər. Məsələ ondan ibarətdir ki, bu prosesin Venesuela sərhədi ilə məhdudlaşmayacağı barədə fikirlər var. Ümumilikdə Latın Amerikası intriqalar alovuna düşə bilər. Təbii ki, belə olan halda qlobal geosiyasi proseslərdə yeni bir risk zonası yaranmış olur.

Bütün bunlar onu göstərir ki, hazırkı mərhələdə Amerika-Rusiya münasibətləri gərgin bir mərhələdədir. Tərəflərin bir-birinə güzəştə getmək fikrində olmadığı aydın görünür. Məhz bunları nəzərə alaraq, ABŞ və Rusiyanın orta və yaxınmənzilli raketlərin ləğvi barədə müqavilədən imtina etməsinin bütün dünya üçün ciddi təhlükələr yarada biləcəyi haqqında danışırlar. Burada həm də nüvə silahları ilə bağlı imzalanmış digər müqavilələrin də təhlükə qarşısında olduğu vurğulanır. Onların sırasına strateji xarakterli nüvə silahları, ballistik raketlər, hücum xarakterli yeni silahların yaradılmasının qadağan edilməsi və digər məsələlər daxildir. Heç kim təminat vermir ki, növbəti mərhələdə bu iki dövlət həmin müqavilələri də təftiş etsinlər.

Eyni zamanda, son vaxtlar Vaşinqton və Moskva kosmik fəzada hərbi bazalar yaratmaqla bağlı bəyanatlar verirlər. Rusiyanın artıq hərbi-kosmik güclər adlı hərbi qruplaşması vardır. ABŞ bir neçə ay öncə bunun eynisini yaratmaq haqqında qərar qəbul edib. Deməli, silahlanma yarışı kosmosu da əhatə edəcək.

Belə görünür ki, “Stratfor”un 2019-cu ildə ABŞ-Rusiya münasibətlərinin daha da gərginləşəcəyi ilə bağlı verdiyi proqnozlar özünü doğrultmağa başlayır. Bunun fonunda regionlarda mövcud olan münaqişələrin həllinin çətinliklərlə üzləşə bilməsi mümkündür. Çünki qlobal miqyasda risklərin artdığı bir mərhələdə ayrı-ayrı məkanlarda böyük dövlətlərin ortaq nəticəyə gəlməsi xeyli mürəkkəbləşir. Xüsusilə Cənubi Qafqaz kimi mürəkkəb və dolaşıq bir yerdə münaqişələri aradan qaldırmaq çox çətin olur.

Beləliklə, ilk baxışdan bir müqavilənin pozulması kimi görünən vəziyyət, əslində, qlobal miqyasda ciddi təhdidlər və risklərə yol aça bilər. Bunun qarşısının alınması bütövlükdə dünyanın vəzifəsinə çevrilir. Lakin beynəlxalq təşkilatların fəaliyyəti indi xeyli zəifdir. Ayrıca, böyük dövlətlər onları eşitmək belə istəmirlər. Bu məsələdə də Amerika və Rusiyanın BMT ilə yox kimi davranması xeyli düşündürücüdür. Çünki BMT Təhlükəsizlik Şurasının iki üzvü aradakı problemi BMT-də həll etmək istəmirlərsə, digərlərindən nəyi gözləmək olar?

Belə çıxır ki, iki superdövlətin orta və yaxınmənzilli ballistik raketlərin ləğvi haqqında müqavilədən çəkilməsi digər məsələlərlə yanaşı, beynəlxalq hüququn da böhranının əlamətidir. Dövlətlər arasında münasibətlər beynəlxalq hüquq normaları ilə tənzimlənmirsə, qlobal böhrandan qaçış ola bilməz.

Yəni, dünyanı yaxın zamanlarda yeni və daha kəskin qlobal böhranmı gözləyir? Böyük dövlətlər bunun məsuliyyətini hiss edirlərmi? Deyəsən, bu suala nə Vaşinqtonda, nə də Moskvada cavab axtarmaq həvəsi yoxdur.

Newtimes.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.