CƏMİYYƏT


Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub

Bakı, 18 fevral, AZƏRTAC

Ombudsman təsisatında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin yeni seçilmiş İdarə Heyətinin sədri Tural Gəncəliyev, deputat Flora Qasımova və icmanın digər üzvləri ilə görüş keçirilib. Görüşün əsas məqsədi gələcək əməkdaşlıq perspektivləri və keçiriləcək tədbirlər ətrafında fikir mübadiləsinin aparılmasından ibarət olub. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixində ən faciəli münaqişələrdən biri kimi tanınır. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın hüquqlarının kütləvi şəkildə pozulması, işğal nəticəsində respublikamızın təbii, tarixi və mədəni sərvətlərinin dağıdılması faktının dünya ictimaiyyətinə çatdırılması istiqamətində ombudsman tərəfindən müntəzəm olaraq həm ölkə daxilində, həm də xaricdə tədbirlər həyata keçirilır. Qeyd edilib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, Azərbaycanın beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin təmin olunması, qaçqın və məcburi köçkünlərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı icmasının ləyaqətlə öz doğma torpaqlarına qayıtması və Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının birgəyaşayışı nəzərdə tutulur və bu yanaşma tərəflər arasında münasibətlərin nizama salınması, sülhə nail olunmasına təkan verən əsas amildir.

Bununla yanaşı Xocalı soyqırımı, habelə Dağlıq Qarabağda və onun ətraf rayonlarında azərbaycanlılara qarşı törədilmiş zorakılıqlarla bağlı müvəkkil tərəfindən 125-dən çox bəyanat verilib və həmin bəyanatlar BMT-nin baş katibinə, insan hüquqları üzrə ali komissarına, qaçqınlar üzrə ali komissarına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına və bu qurumlara üzv olan ombudsmanlara, xarici ölkələrin Azərbaycandakı səfirliklərinə və respublikamızın xaricdəki səfirliklərinə, həmçinin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporlarına ünvanlanıb.

T.Gəncəliyev adıçəkilən İctimai Birliyin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın işğalçılıq siyasəti və erməni separatizminin beynəlxalq səviyyədə tanınması, məcburi köçkünlərin hüquqlarının qorunması üzrə dövlətdaxili və beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üzrə həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib. Həmçinin bu istiqamətdə ombudsmanın insan hüquqları üzrə innovativ təşəbbüsləri, yüksək nəzəri və praktik bilgiləri ilə seçildiyini nəzərə alaraq, icmanın gələcək fəaliyyətində onun təcrübəsindən faydalanılacağını bildirib.

Deputat Flora Qasımova ölkəmizin xarici siyasətində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinin əsas götürüldüyünü vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.