DÜNYA


Əbu-Dabidə keçirilən müdafiə sənayesi sərgisi çərçivəsində iki gün ərzində təxminən 12 milyard dirhəmlik sazişlər imzalanıb

Əbu-Dabi, 18 fevral, AZƏRTAC

Əbu-Dabidə keçirilən “IDEX-2019” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin ikinci günü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələri bir sıra xarici şirkətlərlə, o cümlədən Amerikanın “Raytheon” şirkəti ilə ümumi məbləği 5,8 milyard BƏƏ dirhəmi (təxminən 1,58 milyard ABŞ dolları) dəyərində sazişlər imzalayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə “IDEX” Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin rəsmi nümayəndəsi, briqada generalı Məhəmməd Hamis əl-Həsəni bu gün Əbu-Dabidə keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Amerikanın “Raytheon” şirkəti ilə imzalanan sazişin dəyəri 5,3 milyard dirhəm (1,44 milyard ABŞ dolları) təşkil edir.

Rəsmi nümayəndə, həmçinin sərginin ikinci günündə BƏƏ Silahlı Qüvvələrinin yerli şirkətlərlə 1,14 milyard dirhəm (310 milyon dollardan artıq) dəyərində sazişlər imzaladığını qeyd edib.

Məhəmməd Hamis əl-Həsəni bildirib ki, müdafiə sənayesi sərgisinin ekspozisiyasında BƏƏ yerli və xarici şirkətlərlə ümumi məbləği 12 milyard dirhəmə (təxminən 3,27 milyard dollar) yaxın saziş imzalayıb.

Xatırladaq ki, fevralın 17-də BƏƏ-nin paytaxtında açılan Yaxın Şərqdə ən iri müdafiə sənayesi sərgisinin işində dünyanın 62 ölkəsindən 1300-dən artıq şirkət iştirak edir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.