Yüklə
Gənc azərbaycanlılar və türklər Fransanın Riqadakı səfirliyinin önünə əklil qoymuşlar
Riqa, 29 yanvar (AzərTAc). Bir qrup azərbaycanlı və türk Fransanın Riqadakı səfirliyinin önünə dəfn əklili qoymuşdur.
Əklilin yanında fransızca üzərində “Fransa Senatı və Sarkozi Fransa demokratiyasını dəfn etdilər” sözləri yazılmış lövhə olmuşdur. Əklil Fransa Senatının bu yaxınlarda qəbul etdiyi qondarma “erməni soyqırımı”nı inkar edənlərə cəza verilməsini nəzərdə tutan qanuna etiraz əlaməti olaraq qoyulmuşdur.
Etiraz tədbirinin təşkilatçıları belə hesab edirlər ki, bu qanun həm də söz və fikir azadlığına qarşı yönəlmiş qərardır.
2011-ci il dekabrın 22-də Fransa parlamentinin aşağı palatası qondarma “erməni soyqırımı”nın inkar edilməsinə görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini bəyənmişdi. Sonra sənəd təsdiq olunmaq üçün Senata göndərilmişdi. Yanvarın 18-də Fransa Senatının Konstitusiya Komissiyası qanun layihəsini rədd etmişdir. Lakin yanvarın 23-də Fransa Senatı qanunu səs çoxluğu ilə qəbul etmişdir.
Nigar Hüseynova
AzərTAc-ın xüsusi müxbiri
Riqa




















