
Bakı, 28 avqust (AzərTAc). AzərTAc xəbər verir ki, Pakistanın nüfuzlu “Əl-Qamar” qəzetində məşhur Pakistan jurnalisti Raci Əmir Bhattinin “Dağlıq Qarabağ münaqişəsi” sərlövhəli məqaləsi dərc edilmişdir.
Müəllif Dağlıq Qarabağın tarixindən və ermənilərin həmin ərazilərə köçürülməsi siyasətindən söhbət açaraq bildirmişdir ki, bu torpaqların əzəli əhalisi azərbaycanlılardır.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, bu problemin həllinə dair danışıqlar prosesinin gedişi, Azərbaycanın mövqeyi ilə bağlı məsələlərə xüsusi yer ayrılmışdır.
Jurnalist yazır ki, ermənilər Azərbaycan ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağ bölgəsini işğal altında saxlayır, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə əlaqədar qətnamələrinə əməl etmirlər. Məqalədə ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklərdən də danışılır.
Bakı, 18 avqust (AzərTAc). ABŞ-ın “Newsweek” ictimai-siyasi jurnalı “Dünyanın ən yaxşı 100 ölkəsi”nin reytinqini tərtib etmişdir. Azərbaycan yüzlükdə 69-cu yeri tutmuşdur.
AzərTAc xəbər verir ki, Azərbaycan siyahıda İran, Venesuela, Misir, Hindistan və digər ölkələri qabaqlamışdır. Dünyanın ən yaxşı ölkəsi Finlandiya seçilmişdir. İkinci-üçüncü yerləri müvafiq olaraq İsveçrə və İsveç tutmuşlar. İlk onluqda Avstraliya, Lüksemburq, Norveç, Kanada, Niderland, Yaponiya və Danimarka qərarlaşmışlar. ABŞ reytinqdə 11-ci olmuşdur.
MDB və qonşu ölkələr arasında Ukrayna 49-cu, Rusiya 51-ci, Türkiyə 52-ci, Belarus isə 56-cı yerdədir.
Jurnal 100 ölkəni 5 kateqoriya- səhiyyə, iqtisadi inkişafın dinamikası, təhsil, siyasi sabitlik və həyat səviyyəsi üzrə müqayisə etmişdir. Azərbaycan ən yüksək qiyməti iqtisadi inkişafın dinamikasına görə almışdır.
Ən yaxı təhsil sistemi Finlandiyada, səhiyyə Yaponiyada, həyat səviyyəsi isə Norveçdədir. İqtisadi inkişafın artım dinamikasına görə Sinqapur liderdir. Siyasi vəziyyətə görə isə birinci yeri İsveç tutmuşdur.
Yüz ölkə arasında ən geridə qalan dövlətlər isə Burkina-Faso, Nigeriya və Kamerundur. Ermənistan isə dünyanın ən yaxşı ölkəsi reytinqinə ümumiyyətlə düşməmişdir.
Bakı, 14 avqust (AzərTAc). Azərbaycanda ilin ən böyük mədəniyyət hadisəsi sayılan Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilmiş İkinci Qəbələ Beynəlxalq musiqi festivalı başa çatsa da, belə görünür ki, tədbirin yaratdığı xoş təəssüratlar uzun müddət iştirakçıların və tamaşaçıların yaddaşından silinməyəcəkdir. Zəngin və rəngarəng proqramlı festivalın başa çatmasından bir həftədən artıq vaxt keçməsinə baxmayaraq, onun uğurlu yekunları dünya mətbuatında hələ də aktuallığını qoruyub saxlamaqdadır.
Moskva, 13 avqust (AzərTAc). “Qəbələ Verbye ilə rəqabət aparır. Azərbaycan musiqi forumu ümumdünya festivalına çevrilir”. Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin müxbiri, Qəbələ Musiqi Festivalını işıqlandıran əcnəbi jurnalistlər qrupunun üzvü Viktoriya Panfilovanın məqaləsi belə adlanır.
Vaşinqton, 14 iyul (AzərTAc). ABŞ-ın nüfuzlu “CNN International” telekanalı iyulun 12-də Azərbaycana həsr edilmiş reportaj yayımlamışdır.
Bu televiziyanın "World View" xəbər verilişində Azərbaycanın ANS telekanalının hazırladığı və ölkəmizin iqtisadi inkişafından bəhs edən sujet çoxmilyonlu beynəlxalq auditoriyaya çatdırılmışdır.
Verilişdə bütün dünyanı qlobal maliyyə böhranının bürüməsi fonunda Azərbaycanın ötən ili iqtisadi artımla başa vuran azsaylı ölkələrdən biri olması xüsusı vurğulanmışdır. Bundan əlavə, Azərbaycanın regionun lider dövlətinə çevrilməsi sürətlə inkişaf edən özəl sektorun timsalında nümayiş etdirilmişdir. Telereportajda Bakıdakı “Sədərək” ticarət mərkəzinin yalnız Azərbaycanın deyil, bölgənin digər ölkələrinin iş adamları üçün də alış-veriş nöqtəsinə çevrilməsi, paytaxtda aparılan irimiqyaslı abadlıq və quruculuq işləri, yeyinti sənayesinin sürətli inkişafı vurğulanmış, sahibkarlarla müsahibələr nümayiş olunmuşdur.
Verilişin müəllifi tanınmış jurnalist Sevinc Osmanqızıdır.
“World View” proqramı CNN kanalında ən uzunömürlü xəbər proqramlarından biri olaraq 1987-ci ildən efirdədir. 1998-ci ildən indiyədək proqram Azərbaycan haqqında mütəmadi olaraq verilişlər hazırlamışdır. Mövzular arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı soyqırımı, 20 Yanvar faciəsi və zaman-zaman xalqımızın başına gətirilmiş digər müsibətlər üstünlük təşkil etmişdir. Bu mövzular Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına şərait yaratmışdır.
Şəfəq Akifqızı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton
Ankara, 23 iyun (AzərTAc). Almaniyanın türk dilində nəşr olunan “Deutsche Welle” qəzetinin yazdığına görə, bu ölkənin federal kansleri Angela Merkel Ermənistan prezidenti Serj Sarkisyanla keçirdiyi mətbuat konfransında Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasının Dağlıq Qarabağ probleminin həllindən asılı olduğunu söyləmişdir.
“Dağlıq Qarabağ problemi həll olunarsa, şübhəsiz Türkiyə-Ermənistan əlaqələri normallaşa bilər”, - deyən Angela Merkel bildirmişdir ki, Almaniya ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransanın münaqişənin həlli istiqamətində səylərini dəstəkləyir.
Serj Sarkisyan isə Türkiyə ilə əlaqələrin normallaşması prosesinin iflasa uğramasında rəsmi Ankaranı günahlandırmışdır. O, Ermənistanın qeyri-konstruktiv mövqeyini ört-basdır edərək, Türkiyə hökumətini bu prosesdə Dağlıq Qarabağ problemini vacib şərt olaraq irəli sürdüyünü əsas arqument kimi göstərmişdir. Ermənistan prezidenti daha da irəli gedərək, Ankaranın Ermənistanı təhdid etdiyini də söyləmişdir.
“Deutsche Welle” qəzeti Berlində yaşayan azərbaycanlıların Serj Sarkisyanın əleyhinə etiraz nümayişi təşkil etdiklərini də yazmışdır. “Konrad Adenauer” Fondunun qarşısında toplaşan soydaşlarımız Ermənistanın işğalçılıq siyasətinə qarşı şüarlar səsləndirmişlər.
Oqtay Bayramov
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Paris, 10 iyun (AzərTAc). Azərbaycanın müstəqilliyinin 92-ci ildönümünün ilk dəfə Lüksemburqda təntənəli şəkildə qeyd olunması və xalqımızın milli bayramına həsr edilmiş konsert geniş əks-səda doğurmuş və ölkə mətbuatında geniş işıqlandırılmışdır.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris
Bakı, 31 may (AzərTAc). Azərbaycanın Küveytdəki səfirliyindən bildirmişlər ki, 28 May - Respublika Günü münasibətilə səfirlik tərəfindən keçirilmiş silsilə tədbirlər çərçivəsində nüfuzlu “Əl-Nahar” qəzetində səfir Şahin Abdullayevin geniş məqaləsi dərc olunmuşdur.
Məqalədə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, parlament, insan hüquqları və demokratik dövlətə xas olan digər inkişaf göstəriciləri istiqamətində atdığı addımlar, qəbul etdiyi qərarlar və həyata keçirdiyi fəaliyyət əks olunmuşdur. AXC-nin süqutu səbəbləri kimi, məqalədə Qızıl Ordunun işğalı və erməni silahlı qüvvələrinin cinayətləri haqqında da geniş məlumat verilmişdir.
Müəllif eyni zamanda, ölkəmizin şanlı müstəqillik tarixi, onun bərpa olunması, möhkəmləndirilməsi və qorunub saxlanmasında ümummilli lider Heydər Əliyevin mühüm rolu barədə oxuculara ətraflı məlumat vermişdir.
Səfir ulu öndər tərəfindən təməli qoyulmuş daxili və xarici siyasət nəticəsində ölkəmizin hərtərəfli inkişafı və beynəlxalq aləmə inteqrasiyasından, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə baxmayaraq, bu gün Respublikamızda mövcud sabit ictimai-siyasi durum, ardıcıl olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, əldə olunmuş digər nailiyyətlər barədə də məqalədə geniş söhbət açmışdır.
Bakı, 28 may (AzərTAc). ABŞ-ın nüfuzlu “Haffinqton Post” qəzeti tanınmış amerikalı politoloq, Kaliforniyanın “Tool Shed Group LLC” analitik mərkəzinin eksperti Ceyson Katzın “Cənubi Qafqazda sabitlik qısa müddətdə əldə edilmiş nailiyyətlərə qarşı” sərlövhəli məqaləsini dərc etmişdir.
Məqalədə qeyd edilir ki, keçmiş Sovet İttifaqının tərkibində azərbaycanlılar və ermənilər sülh şəraitində yaşayırdılar. 80-cı illərin sonlarında yaranan gərginlik Dağlıq Qarabağ münaqişəsinin başlanmasına gətirib çıxardı və baş verən müharibə nəticəsində Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal etdi.
Ermənilərin məqsədi azərbaycanlıları Dağlıq Qarabağ bölgəsindən çıxarmaq və bu bölgəni ya Ermənistana birləşdirmək, ya da müstəqil respublika elan etmək idi.
Xocalı faciəsinə toxunan müəllif bildirir ki, 1992-ci ilin fevralında Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli qırğını baş verdi. Məhz bu tarixdə erməni hərbi birləşmələrinin rəhbəri Serj Sarkisyanın (Ermənistanın hazırkı prezidenti) iştirak etdiyi bu qırğın Tomas de Vaalın yazdığı “Qara bağ” kitabında belə təsvir edilir: “Ermənilərin hücumu fevralın 25-dən 26-na keçən gecə başladı. Sovet Ordusunun 366-cı alayının (hazırda Sarkisyanın komandanlığı altındadır) hərbçiləri bu qırğının törədilməsində ermənilərə köməklik göstərdilər”. “Qara bağ” kitabında yazılır ki, Sarkisyan Xocalı hadisələrini təsvir edərkən, belə deyir: “Biz bu hadisələr haqqında ucadan danışa bilmirik. Xocalı hadisələri başlamamışdan əvvəl azərbaycanlılar elə hesab edirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə bilirdilər ki, ermənilər heç vaxt mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi qıra bildik”.
Müəllif vurğulayır ki, 1992-ci ildə baş vermiş Xocalı qırğınından və buna bənzər digər hadisələrdən sonra BMT Təhlükəsizlik Şurası Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz boşaltmağı tələb edən qətnamələr qəbul etdi. 1987-ci ildən 1994-cü ilədək Azərbaycan tərəfdən təxminən 30 min nəfər insan həlak oldu və bir milyondan artıq əhali öz doğma yurd-yuvalarından didərgin düşdü. Məhz bu hadisələrdən sonra Türkiyə Ermənistan ilə öz sərhədlərini bağladı.
Məqalədə bildirilir ki, Türkiyənin Ermənistan ilə sərhədini açması əslində rəmzi xarakter daşıyan bir jest olardı, bu məsələnin regionda sabitliyin təmin edilməsi ilə heç bir əlaqəsi yoxdur. Türkiyə qlobal iqtisadiyyata və siyasətə uğurla inteqrasiya edir. Təcrid vəziyyətində olan Ermənistan isə hərbi və maliyyə cəhətdən Rusiyadan asılı vəziyyətdədir. Bu ölkənin iqtisadiyyatı iflic vəziyyətindədir.
Müəllif vurğulayır ki, Cənubi Qafqaza tarixi yanaşma bütün regionda sabitlik və tərəqqinin bərqərar edilməsi üçün yeganə strategiyadır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinin təmin ediləcəyini və bu bölgəyə ən yüksək muxtariyyətın veriləcəyini bəyan etmişdir. Ermənistan prezidenti Sarkisyan bunu ciddi şəkildə nəzərə almalıdır.
Paris, 22 may ( AzərTAc ). Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu xarici siyasət və iqtisadi sahədə həyata keçirdiyi islahatlar, Fransada yeni təyin olunmuş səfir Elçin Əmirbəyovun Azərbaycanı tanıtmaq sahəsindəki səyləri nəticəsində son vaxtlar fransız mətbuatının respublikamızın ictimai-siyasi həyatına marağı artmışdır.
Fransada nəşr olunan gündəlik “Midi libre”, “Le Reveil”, “Ouest France” mətbu orqanlarında, “Ladepeche” internet saytında Azərbaycana dair silsilə məqalələr verilmişdir.
“Midi libre” qəzetində məkanca Fransadan çox-çox uzaqlarda yerləşən və keçmiş SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa edən Azərbaycanın yeraltı və yerüstü sərvətlərlə, xüsusilə, neft və qazla zəngin olmasından, Avropanı təhdid edən enerji təhlükəsizliyinin aradan qaldırılmasında Azərbaycanın xüsusi rolundan söhbət açılmış, xarici siyasət sahəsində əldə etdiyi uğurlara görə Cənubi Qafqaz bölgəsində lider dövlətə çevrildiyi, beynəlxaLq aləmdə nüfuzunun getdikcə yüksəldiyi diqqətə çatdırılmışdır.
Qəzetdə dərc olunmuş “Azərbaycan Rodezlə sıx əlaqələr qurmaq istəyir” sərlövhəli məqalədə sovetlər dövründə güclü kənd təsərrüfatına malik olan respublikanın müstəqilliyini bərpa etdikdən sonra qeyri-neft sahələrini, o cümlədən kənd təsərrüfatını inkişaf etdirməkdə maraqlı olduğu, bu sahədə Fransa ilə sıx əlaqələr qurmaq istədiyi bildirilir.
Dünya Bankının məlumatına istinad edən müəllif ölkəmizin ümumi daxili məhsul istehsalı üzrə Müstəqil Dövlətlər Birliyi məkanında lider olduğunu, inkişaf etmiş öılkələrin dünyanı bürümüş iqtisadi böhrana daha çox məruz qaldığı və ciddi çətinliklərlə üzləşdiyi halda, Azərbaycanın bu böhrandan az itkilərlə cıxdığı, belə çətin dövrdə də iqtisadiyyatının sürətlə inkişaf etdiyi xüsusi vurğulanır.
“Le Reveil” və “Ouest France” qəzetlərində dərc olunmuş “Azərbaycanla ilk anlaşmalar”, “Azərbaycan ideyalara açıqdır”, “Azərbaycan Qafqazın inkişaf etmiş ölkəsidir” və s. sərlövhəli məqalələrdə, “Ladepeche” internet saytında yerləşdirilmiş yazılarda ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti barədə ətraflı məlumat verilmiş, iqtisadi göstəricilərindən söhbət açılmışdır. Məqalələrdə Fransa və Azərbaycan prezidentlərinin hər iki ölkə arasında ikitərəfli əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduqları qeyd edilmiş, bu əlaqələrin daimi olması üçün fransız və Azərbaycan xalqlarının mədəni dəyərlərini bir-biri ilə bölüşmələrinin vacibliyi xüsusi vurğulanmış, hər iki xalqın bir-birini yaxşı tanıması və ölkələr barədə daha ətraflı məlumat alması üçün əməkdaşlığın genişləndirilməsinin mühüm rolu qeyd edilmişdir.
Səfir Elçin Əmirbəyovun verdiyi müsahibələrə istinad edən müəlliflər Azərbaycanın iqtisadi göstəricilərindən geniş söhbət açmış, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar nəticəsində ölkəmizin qısa bir zamanda əldə etdiyi uğurlardan danışmış, 2003-cü ildə ölkədə işsizlərin sayı 45 faiz təşkil etdiyi halda, son ildə bu göstəricinin 11 faizə endiyi və bu istiqamətdə həyata keçirilən tədbirlər sayəsində yaxın vaxtlarda ölkədə işsizlik probleminin tamamilə aradan qaldırılacağını diqqətə çatdırmışlar.
“Azərbaycan öz həmvətənlərini unutmur” sərlövhəli məqalədə Fransanın azadlığı uğrunda döyüşmüş, müqavimət hərəkatında fəal iştirak etmiş, bu yolda həlak olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək üçün Azərbaycan hökumətinin onların şərəfinə Rodez şəhərində abidə ucaltması təsvir edilmişdır.
Yazılarda yeri gəldikcə musiqimizdən, onun ən qədim janrlarından olan muğamın Fransada tez-tez səsləndirilməsindən, fransızlar tərəfindən yaxşı tanınmasından, YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsindən bəhs olunmuşdur.
Fransa mətbuatının Azərbaycana belə marağı ölkəmizin beynəlxlaq aləmdə, o cümlədən Fransa kimi ölkədə imicinin və nüfuzunun getdikcə artmasının göstəricisidir.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris